22 aprel tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Plastik boru qaynaqçısı” peşə ixtisasının 4 (dörd) ixtisas modulu üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi həyata keçirilib.
Belə ki, ərizəçilər sözügedən peşə ixtisasının “İş şәraitindә әmәk, tәhlükәsizlik vә sağlamlıq qaydaları”, “Plastik boruların montaja hazırlanması”, “Polipropilen boruların qaynağı” və “Polietilen boru qaynağının texnologiyası” ixtisas modulları üzrə bacarıq və təcrübələrini nümayiş etdirib.
“Crocus-Trading” MMC-nin təşkilati dəstəyi ilə “CroPlast” zavodunun istehsalat bazasında keçirilən imtahanda ərizəçilərin bacarıq və səriştələrinin qiymətləndirilməsi mövcud karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilib.
Qiymətləndirmə Komissiyasına işəgötürən nümayəndəsi olaraq “CN Group” MMC-nin baş direktoru Nicat Cəbiyev, ekspert qismində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri Ramil Abdullayev və Tural Əkbərov cəlb olunub.
Növbəti mərhələdə isə ərizəçilərin baza modulları üzrə bacarıq, səriştə və təcrübələri qiymətləndiriləcək. Təhsildə Keyfiyyət Təminatı Agentliyi nümayəndəsinin sədrlik etdiyi Komissiya tərəfindən qiymətləndirmə aparıldıqdan sonra bütün modullar üzrə imtahandan uğurla keçmiş ərizəçilər yekunda ilk peşə təhsil səviyyəsinə bərabər diplom əldə etmək hüququ qazanacaqlar.